Sunday, December 6, 2015

Alain-Fournier və yeganə noveli "Le Grand Meaulnes" (Möhtəşəm Moln)

"Le Grand Meaulnes" Alain-Fournier adlı fransız yazıçısının yeganə novelidir. Fransız ədəbiyyatının klassik əsərlərindən hesab edilir. Kitabı yenə Ali&Ninodakı kampaniya sayəsində sadəcə adına görə almışdım. Düzdür, belə bir fikir var ki, kitabları üz qabıqlarına və ya adlarına görə almaq düzgün deyil. Amma ilk baxışda yaranan hislərinə önəm verən və onlara güvənən bir insan olduğum üçün kitabın üzlüyü və ya adı onu almaq üçün mənə kifayətdir. Ən azından, sevgidən bəhs etdiyi adından da məlum idi. Sevgi hekayələri isə heç vaxt maraqsız olmur.



Əsər 15 yaşlı Fransua Sorel adlı bir gəncin dilindən nəql edilir. O, məktəblərində oxuyan və onlardan böyük olan Aqustin Molnun sirli bir şəkildə yoxa çıxmasını, bilmədiyi bir yerdə gördüyü naməlum qızı - İvon de Qalaisi və ona olan sevgisini təsvir edir. Geri qayıtdıqdan sonra nəinki Aqustinin, həmçinin Sorelin də tək istəyi həmin sirli məkanı və qızı tapmaq olur.


İllər keçir, Aqustin başqa şəhərə köçür, Sorel isə atası kimi müəllim olur və təsadüf nəticəsində İvon adlı bir qızla tanış olur. Sizcə, həmin İvondur? Bəli, odur. Amma indi də Aqustin yoxdur. Hardadır? Parisdə İvonun qardaşı Frantzı toy günü qoyub qaçan nişanlısı ilə tanış olur və bilmədən onunla münasibət qurmaq fikrinə düşür. Lakin, söhbət əsnasında onun kim olduğunu öyrənir. Sorel Aqustinə çətinliklə məktub yaza bilir və onu İvon ilə görüşdürür. Uzun sözün qısası, Aqustinlə İvonun toyu olur, amma onlar xoşbəxt ola bilmirlər. Niyə? Çünki, Aqustin Frantza söz verir ki, onun nişanlısını tapıb gətirəcək. Belə də olur, amma İvon onun qayıdışını görə bilmir. Qızları dünyaya gəldikdən sonra İvon vəfat edir. Uşağın qayğısına Aqustin qayıdana qədər Sorel qalır.

Maraqlı əsərdir, amma yenə də öz hislərimi gizlədə bilmirəm. "Waiting for Godot" kimi İvonun bütün həyatı Aqustini gözləməklə keçir. Toyları da olur, yenə xoşbəxt ola bilmirlər.

Verdiyi sözün arxasında durmayıb, özünü düşünsəydi, Aqustin İvon ilə çox xoşbəxt ola bilərdi, amma olmadı. Getdi arvadının qardaşının nişanlısı tapdı, qayıtdı, öz arvadına çata bilmədi.

Əsərin ən xoşuma gələn cəhəti yazıldığı dildir. Daha doğrusu fransız dilindən türk dilinə tərcüməsidir. Ya tərcüməçinin məharətidir, ya da əsərin öz dili belədir. Sorel Aqustinin başına gələnləri elə nəql edir ki, oxucu Aqustinin hislərini şəxsən hiss edir. Əsəri oxuyanda mənə elə gəlirdi ki, Sorel də həmin qıza aşiq olub.


2006-cı ildə əsər əsasında film çəkilib. Filmə də baxdım. Fərqliliklərin nəzərə çarpacaq dərəcədə olmaması filmin uğurlu alınması deməkdir, mənim üçün.



Əsərin orijinal cover`i :)